Gürcüstanın baş naziri Avropaya vizasız olaraq ilk simvolik uçuşunu həyata keçirib

0
588

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilk dəfə simvolik olaraq Avropaya vizasız səfərə gedib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə hökumət üzvləri, alimlər, media nümayəndələri və tələbələr daxil edilib.

Nümayəndə heyəti səhər saatlarında Tiflis beynəlxalq hava limanından ilk tarixi uçuşunu qədim sivilizasiyanın paytaxtı Afinaya edib. Gürcüstanın baş naziri Afinada Kapodistriya adına Milli Universitetdə “Gürcüstan: “Avropadan Avropaya” adlı beynəlxalq konfransın açılışını həyata keçirəcək. Konfransda Gürcüstan və Yunanıstan ali məktəblərinin professor, müəllim və tələbələri iştirak edəcəklər. Tədbir çərçivəsində Georgi Kvirikaşvili Yunanıstanın baş naziri Alexis Tsipras ilə görüş keçirəcək.

Sonra nümayəndə heyəti Avropanın siyasi mərkəzi Brüsselə uçuş edəcək, müxtəlif vacib tədbirlərə qatılacaq. G. Kvirikaşvili Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunker ilə ikitərəfli görüşlər keçirəcək. Tərəflər birgə bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Avropaya vizasız səfər çərçivəsində nümayəndə heyətinin tərkibinə etnik azlıq nümayəndələri də daxil edilib. Tiflis Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin 3-cü kurs tələbəsi Heydər Bayramov da heyətdədir.

LEAVE A REPLY