Nazir müavini: Peşə təhsilinə diqqət artıb.

0
415

Azərbaycanda son zamanlar peşə təhsilinə diqqət artıb. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, son zamanlar texniki peşələrə və xidmət sferalarına, xüsusilə turizm sahəsinə maraq artıb: “Əmək bazarında yüksək peşəyə malik işçilərə tələbat artır. Bunu nəzərə alaraq, texniki peşə təhsili sisteminin inkişaf etdirilməsinə böyük ehtiyac var. Bu istiqamətdə mərhələli və ardıcıl işlərin aparılması nəzərdə tutulur. Yəni böyük islahatlar həyata keçiriləcək. Optimallaşma da bunun bir istiqamətidir”.

F.Qurbanov deyib ki, ilk növbədə sənaye, kənd təsərrüfatı, turizm sənayəsi, xidmət sferalarının tələb olan ixtisaslarına uyğun optimallaşdırma tədbirləri həyata keçiriləcək.

F.Qurbanov əlavə edib ki, təhsil sistemində optimallaşdırma istiqamətində işlər təhsilin bütün pillələrində aparılır.

F.Qurbanov qeyd edib ki, peşə məktəblərindən məzun olanların ümumi nəticələri Təhsil Nazirliyini tam qane edə bilməz: “Lakin son 3 il üzrə olan məlumatların təhlili göstərir ki, peşə məktəblərində oxuyanların bilik səviyyələrinin yüksəldilməsində müsbət irəliləyişlər əldə olunub. Bu istiqamət üzrə iş davam edir”.

Nazir müavini onu da əlavə edib ki, bəzi ucqar kəndlərdə müasir tələblərə cavab verən məktəblərin yaradılmasına ehtiyac var: “Bunu nəzərə alaraq, azsaylı şagirdlər üçün modul tipli məktəblərin yaradılmasına başlanılıb. Bu da kənd yerlərində olan şagirdlərin biliyə yiyələnməsinə zəmin yaradacaq. Bu tip məktəblərin bölgələrin əksəriyyətində yaradılması nəzərdə tutulub”.

LEAVE A REPLY