Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib

0
807

Latviya Respublikasının Nəqliyyat Naziri cənab Uldis Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İnkisaf.az-a verilən xəbərə görə, səfərin məqsədi Azərbaycan  Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasında iştirak etməkdir. İyunun 20-də Latviya Respublikasının Nəqliyyat Naziri, Hökumətlərarası Komissiyanın həmsədri Uldis Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad ediblər. Daha sonra Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib. İclası giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri, Azərbaycan tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri H. Bağırov ölkələrimiz arasında əməkdaşlıq ilə bağlı məlumatları diqqətə çatdırıb, bu görüşün səmərəli olacağı, gələcəkdə əlaqələrin daha da geniş inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. Öz növbəsində Latviya Respublikasının nəqliyyat naziri cənab Uldis Auqulis çıxış edərək qeyd edib ki, bizim əməkdaşlığımızın inkişafı, birgə layihələrin həyata keçirilməsi sahəsində böyük potensial vardır. “Əminəm ki, iqtisadi əməkdaşlıq getdikcə daha da möhkəmlənəcək və bu da iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artmasına gətirib çıxaracaq”, – deyə Nazir bildirib. Görüş zamanı Azərbaycan ilə Latviya arasında ətraf mühit və regional inkişaf, ikitərəfli ticarətin və investisiyanın genişləndirilməsi, elm, təhsil, mədəniyyət, turizm, səhiyyə, nəqliyyat, rabitə və kommunikasiya sahəsində əməkdaşlıq üzrə məsələlər müzakirə edilib. Sonda nazir H. Bağırov bildirib ki, ölkələr arasında mövcud olan dostluq münasibətləri, böyük iqtisadi potensial, yaradılmış hüquqi baza, əlverişli investisiya mühiti əməkdaşlığın daha da genişləndirilməsinə və bundan sonra keyfiyyətcə yeni mərhələyə qaldırılmasına zəmin yaradır. İclasın sonunda Azərbaycan Respublikası və Latviya Respublikası arasında Hökumətlərarası Komissiyanın 7-ci iclasının  Protokolu imzalanıb.

LEAVE A REPLY