Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə görüş olub

0
46

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə bağlı görülən işlər, onlara göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu məsələni sosial siyasətin prioritet istiqaməti kimi müəyyən edən Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini, Cümhuriyyətin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və xaricdə silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədri onun qurucularından biri kimi Ceyhun Hacıbəylinin də xatirəsinə xalqımızın böyük ehtiram göstərdiyini bildirib. Azərbaycana görkəmli şəxsiyyətlər bəxş etmiş Hacıbəylilər nəslinin doğma yurdu Qarabağın, Şuşa şəhərinin hələ də təcavüzkar Ermənistanın işğalı altında olduğu, orada xalqımıza məxsus zəngin maddi-mədəni irsin talan edildiyi təəssüf hissi ilə xatırladılıb. Hazırda şuşalıların da, ərazisi işğal edilmiş digər yaşayış məntəqələrimizin sakinləri kimi, məcburi köçkün həyatı yaşadığı vurğulanaraq, işğalçılıq siyasətinə son qoyması üçün onların dünya birliyindən, beynəlxalq ictimaiyyətdən Ermənistana qarşı təsirli tədbirlər gözlədiyi, həmçinin xalqımızla bağlılığı olan hər bir sülhpərvər və vicdanlı insanın bu məsələdə qətiyyətli mövqe göstərməsinin vacibliyi qeyd edilib.

Paskal Hacıbəyli Buşe və Benjamin Buşe səmimi qəbula görə təşəkkür ediblər. Artıq üçüncü dəfədir Bakıda olduqlarını deyən qonaqlar şəhərin daha müasirləşdiyini və inkişaf etdiyini qeyd ediblər. Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısından xəbərdar olan qonaqlar bunun dünya üçün nümunəvi addım olduğunu vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

LEAVE A REPLY