Çəyirtkələrin miqrasiyasının qarşısı alınıb

0
761

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Ağstafa, Göygöl və Tovuz rayonlarında karantin tətbiq edilən və xüsusi təhlükəli orqanizmlərə qarşı bitki mühafizəsi tədbirlərinin yerinə yetirilmə vəziyyəti, Gürcüstanın Siqnavi və Georgi yaşayış məntəqələrindən Ceyrançöl Dövlət Fond torpaqlarının qış otlaqları ərazisinə kütləvi miqrasiya etmiş və sürü halında yaşayan çəyirtkələrə qarşı mübarizə tədbirlərinin nəticələri, Göygöl və Tovuz Regional Aqrokimya laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub. inkisaf.az AZƏRTAC-a istinadən xəbər verir ki, Göygöl və Tovuz Regional Aqrokimya laboratoriyalarının fəaliyyətini müsbət qiymətləndirən Camal Quliyev aqrokimya laboratoriyalarının məhsuldarlığın artmasında və bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında əvəzsiz rol oynayacağını qeyd edib və əməkdaşlara qarşıda duran prioritet istiqamətlər barədə tövsiyələr verib.

Miqrasiya etmiş və yerli çəyirtkələrə qarşı aparılan mübarizə tədbirlərinin vəziyyəti ilə yaxından tanış olan Dövlət Xidmətinin rəisi Mobil Bitki Mühafizəsi dəstələrinin fəaliyyətini də müsbət qiymətləndirib: “Mobil Bitki Mühafizəsi dəstələrinin fəaliyyətinin müvafiq dövrün tələblərinə uyğunlaşdırılması bizə imkan verir ki, bu təhlükəli növlərin kütləvi çoxalmasının və çəyirtkə miqrasiyalarının qarşısının çevik və təxirəsalınmaz tədbirlər həyata keçirərək qısa müddətdə alaq və əkinlərə keçməsinə imkan verməyək. Sürü halında yaşayan çəyirtkələrə qarşı mübarizə tədbirlərinin yekunlaşma ərəfəsində olmasına baxmayaraq, qonşu ölkələrdən, xüsusilə Rusiya Federasiyasından çəyirtkələrın yeni miqrasiyası təhlükəsinə qarşı hazır olmalıyıq”.

Camal Quliyev Tovuz rayonunda fermerlərlə sahə görüşləri keçirərək, kartof güvəsinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində bu təhlükəli növün qarşısının 95-97 faiz alındığını bildirib.

Fermerlərin diqqətinə çatdırılıb ki, Tovuz Aqrokimya laboratoriyasının imkanlarından istifadə etməklə, əkinlərə gübrələrin balanslaşdırılmış şəkildə verilməsini təmin edə bilərlər. Bu da öz növbəsində məhsulun maya dəyərinin azalmasına, keyfiyyətinin yaxşılaşmasına və məhsuldarlığın artmasına səbəb olacaq.

Görüş çərçivəsində fermerlərin qaldırdıqları məsələlər və problemlər qarşılıqlı müzakirələr olunub.

LEAVE A REPLY